Fransanın məşhur aktyoru Jerar Depardyedən sonra sabiq prezident Nikola Sarkozi də vergidə yayınmaq üçün ölkəni tərk etməyə üstünlük verib. Lent.az-ın “The Evening Standart” qəzetinə istinadən verdiyi məlumata görə, Nikola Sarkozi xanımı Karla Bruni ilə Londonun prestijli Cənubi Kensinqton rayonuna yerləşməyə hazırlaşır.
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ildə 1 milyon avrodan çox gəliri olan şəxslərin gəlirlərinin 75 faizi həcmində vergi verməsini zəruri sayır. Bu barədə qərar hələ qüvvəyə minməsə də, Fransua Ollandın bəyanatı belə varlıların təlaşa düşməsinə yol açıb. Keçən ilin sentyabrında ölkənin ən varlı adamı olan Bernar Arno Belçikaya üz tutub. Aktoyr Jerar Depardye Rusiya vətəndaşlığı alıb. Nikola Sarkozinin isə yüksək vergidən can qurtarmaq üçün kapitalını Londona köçürməyə hazırlaşdığı, Londonda 1,5 milyard dollar kapitalla kommersiya qurumu yaratmaq istədiyi üzə çıxıb.