ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində “Azərbaycan mədəniyyət günü” tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri Amerikadakı Azərbaycan Mədəniyyət Birliyinin (Azerbaijan Cultural Society of America - ACSA) təşkil edib. “Azərbaycan mədəniyyəti günü”nün təşkil edilməsinin başlıca məqsədi Azərbaycan mədəniyyətini Amerika və burada yaşayan digər müxtəlif mədəniyyət sahiblərinə daha yaxından tanıtmaqdır.
Tədbir Azərbaycanı təsvir edən video-çarxla başlayıb. Daha sonra dinləyici auditoriyaya Azərbaycan musiqisi təqdim olunub, tar, kamança, qaval kimi milli musiqi alətlərimizdə bir sıra ifalar səsləndirilib, Azərbaycan rəqsləri tamaşaçılara təqdim olunub. Tədbirdə təqdim edilən `Xınayaxdı` səhnəsi qonaqların diqqətini xüsusilə cəlb edib.
Tədbirin təşkilatçılarından olan Zərifə Musayeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında bu kimi tədbirlərin rolunun mühüm olduğunu qeyd edib. Bildirilib ki, belə mərasimlər Amerikada tez-tez keçirilsə, ölkəmizin mədəniyyətini daha da yaxşı tanıda bilərik. Daha sonra qonaqlara Azərbaycan mətbəxinin yeməkləri təqdim olunub.