İran məhkəməsi sədrinin müavini İbrahim Rəisi iş adamı Babək Zəncani ilə bağlı açılan işə dair açıqlama verib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, məhkəmə təmsilçisi bildirib ki, tanınmış milyader iş adamının əmlakı müsadirə edilib.
Rəisinin sözlərinə görə, Zəncaninin bankdakı hesabları və müsadirə edilən əmlakı ölkə prokurorluğunun nəzarəti altındadır.
İran məhkəmə sisteminin təmsilçisi Qulamhüseyn Möhsüni isə bildirib ki, Babək Zəncani ölkə içində və xaricdəki hesabları barədə özü məlumat verib: «Apardığımız ilkin araşdırmaya əsasən, bu hesablardakı vəsait Babək Zəncaninin borclarının qaytarılmasına yetərlidir».
Xatırladaq ki, o, neft satışından dövlətə 2 milyard dollar borcludur.
Babək Zəncani hazırda həbsdə olan iş adamı Rza Zərrabın patronu sayılır.
Onu da qeyd edək ki, bir müddət öncə İran prezidenti Həsən Ruhani müavini İshaq Cahangiri beynəlxalq sanksiyaların təsirini azaltmaq məqsədi ilə iqtisadi güzəştlərdən qanunsuz istifadə edənlərə qarşı ölçü götürüləcəyini və onların cəzalandırılacağını söyləmişdi.
Prezident Həsən Ruhani isə məsələ ilə bağlı demişdi:«Ölkənin inkişafı üçün fəaliyyətin şəffaf və etibarlı olması önəmlidir. Xüsusi imtiyazlardan sui-istifadə edərək, korrupsiya qurşanma və qanunsuz yolla qazanc əldə edib, varlananların cəzalandırılması üçün təcili tədbirlər görülməlidir».
Sanksiyalardan yayınmaq məqsədi ilə İran hakimiyyəti neft və təbii qaz satmaq üçün bəzi iş adamlarına imtiyazlar vermişdi. Onlardan biri də 39 yaşlı Babək Zəncani olub.
Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvətinin olduğu iddia edilir.