Rusiyanın Xatı-Mantiysk aeroportunda qaçaqmalçılıq yolu ilə güclü təsiredici tərkibə malik olan “Testosteron preprionat” preparatını keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, nəqliyyat polisi əməkdaşları tərəfindən saxlanılan 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının çantasına baxış zamanı 13 ədəd şüşə qabda şəffaf maye aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəffaf maye güclü təsiredici tərkibə malik “Testosteron preprionat” preparatıdır. Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qaçaqmalçılıq, zəhərli, partlayıcı, radioaktiv maddələri gəzdirmə, saxlama” maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.