İran İslam Respublikasının prezidenti Həsən Ruhani fevralın 4-də ali təhsil ocaqlarının rektorları ilə görüşüb.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, o, deyib ki, bəziləri universitetləri, tələbələri təhlükə sayır, hər şeyə, hər kəsə şübhə ilə baxır: «Hökumət bu yanaşmanı qəbul etmir. Hökumət hesab edir ki, universitet problem yox, problemlərin həlli yoludur. Bizim universitet müəllimlərimiz İranı və islamı sevir. Lakin bəziləri özlərini başqaları üzərində nəzarətçi sayaraq hesab edirlər ki, hamı şübhəlidir və nəzarətdə saxlanmalıdır. Mən həmin şəxslərə deyirəm: axı, siz kimsiniz ki, özünüzü başqalarının qəyyumu sayırsınız?!»
Həsən Ruhani ali təhsil ocaqlarının müəllim və tələbələrini də tənqid edib: « Universitetlər ölkədə baş verənlərə niyə münasibət bildirmir, niyə susur? Necə olur ki, müəyyən dairələrdən pul alan bir qrup savadsız adam hər məsələyə münasibət bildirir, amma ali təhsil ocaqlarımızda elita susur və heç nəyə qarışmır».
İran prezidenti ali təhsil ocaqlarında humanitar elmlərə qoyulan məhdudiyyətlərdən də gileylənib: «Elmə məhdudiyyət və qırmızı xətt qoymaq olmaz. Bu gün cəmiyyətimizdə qoyulan bəzi qırmızı xətlər araşdırma işinin xüsusiyyətinə uyğun gəlmir. Biz genetika sahəsində, digər müasir elmlərdə inkişaf etdiyimiz halda niyə humanitar elmlər sahəsində inkişaf edə bilmirik? Niyə biz ali təhsil ocaqlarında elmi nəzəriyyə irəli sürə bilmirik? Niyə biz elmi nəzəriyyələr haqqında fikrimizi deyə bilməməliyik? Bunun səbəbi ondadır ki, bizim, misal üçün, kimya, fizika sahəsində və başqa bu cür elmlərdə məhdudiyyətimiz, qırmızı xəttimiz yoxdur. Siyasi elmlərdə isə belə məhdudiyyət var.
Biz ali təhsil ocaqlarında elə atmosfer yaratmalıyıq ki, müəllimlərlə tələbələr özlərini təhlükəsiz hiss etsinlər. Hesab edirəm ki, onlar inkişaf etmək üçün bütün sahələrdə sərbəst fəaliyyət göstərməli, öz fikirlərini çəkinmədən bəyan edə bilməlidirlər».
Ruhani çeşidli siyasi qrupları Elm, araşdırma və texnologiya Nazirliyinə qarşı basqıların edilməsini tənqid edərək, qurumun qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərdiyini bildirib.
Mənbə xatırladıb ki, bir müddət öncə deputatlar elm, araşdırma və texnologiya naziri Fərəcdananı tənqid etmişdilər.
Müşahidəçilərin fikrincə, Ruhani bu çıxışı ilə universitet müəllimləri və tələbələri susdurmağa, ölkədə baş verən siyasi-sosial problemlərə münasibət bildirmələrinin qarşısını almağa çalışıb. Bununla da o, ali təhsil ocaqlarını indiki durumda neytrallaşdırmağa səy göstərir.