İsveçrənin “20Minuten.ch” portalı Soçi Qış Olimpiadasına hazırlıqla bağlı reportaj hazırlayıb. Lent.az-ın məlumatına görə, “Terror öncəsi qorxu. Putin Soçini mühasirəyə alır” başlıqlı yazıda ilin əvvəlindən Soçi şəhəri ətrafında yüzlərlə kvadrat kilometrlik sahənin mühasirəyə alındığı bildirilir.
Yazıda qeyd olunur ki, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına 1 ay qalmış ölkə prezidenti Vladimir Putin təhlükəsizlik tədbirlərini gücləndirib: “Yanvarın 7-dən olimpiya qurğularına yalnız idmançılar, cavabdeh şəxslər və giriş biletləri olanlar baş çəkə bilərlər. Xüsusi qaydalar daha iri müdafiə zonasına girişə də şamil olunur. Avtonəqliyyat Qara dəniz sahilindəki şəhərə yalnız xüsusi icazə ilə girə bilər. Eyni zamanda, Soçi ətrafında yüzlərlə kvadratkilometrlik daha bir təhlükəsizlik zonası salınıb. Əraziyə 30000 – 40000 polis və hərbçi cəlb olunub”.
Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları fevralın 7-dən 23-dək davam edəcək.