“Biz assosiasiyaya qarşı deyilik, lakin öz iqtisadiyyatımızı müdafiə etmək məcburiyyətindəyik”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. Rusiyanın Ukraynaya satdığı təbii qazın qiymətini aşağı salması və bu ölkəyə kredit verməsinin səbəblərindən danışan V. Putin bildirib ki, əsas səbəb mürəkkəb iqtisadi vəziyyətlə üzləşən Ukrayna xalqına dəstək verməkdir: “Bu gün biz görürük ki, Ukrayna mürəkkəb iqtisadi və sosial-siyasi vəziyyətlə üzləşib. Biz yaxın qohum kimi davranmalıyıq və Ukrayna xalqına dəstək olmalıyıq”.
V. Putin Rusiyanın bundan əvvəlki Yuliya Timoşenko hökuməti ilə də fəal işlədiyini söyləyib. O, Ukraynanın Rusiya və Avropaya eyni miqdarda mal satdığını, lakin bu iki tərəfin iqtisadi strukturlarının fərqli olduğunu vurğulayıb: “Biz assosiasiyanın əleyhinə deyilik, lakin öz iqtisadiyyatımızı müdafiə etmək məcburiyyətindəyik. Əgər Ukrayna AB-nin texniki standartlarını qəbul edərsə, o, Rusiyaya heç nə sata bilməz”.