Davosda olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev CNN telekanalının məşhur müxbiri Riçard Kvestə müsahibə verib.
Lent.az-ın verdiyi məlumata görə, Riçard Kvest hazırda Rusiyanın “Rosneft” şirkəti ilə sıx əlaqədə olan BP şirkətinin ruslardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsinin nə dərəcədə mümkün olduğu barədə sual ünvanlayıb.
Prezident İlham Əliyev isə buna əmin olmadığını bildirib: “BP Azərbaycanda 1994-cü ildən, 20 ildir ki, fəaliyyət göstərir. Dostluğa və qarşılıqlı tərəfdaşlığa əsaslanan münasibətlərimiz var. Üstəlik, əməkdaşlığımız bundan sonra ən azı 20 il də davam edəcək, bizim layihələr gələcəyə hesablanıb. Buna görə də düşünmürəm ki, BP digər tərəfdaşları ilə qarşısına hansısa məqsədi qoyub”.
Dövlət başçısı müsahibəsində qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı sualı da cavablandırıb: “Azərbaycan iqtisadiyyatı çox stabildir və hətta böhran illərində də inkişaf edib. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Tək enerji sektoruna yox, qeyri-neft sektoruna da sərmayə cəlb etmək bu gün qarşıya qoyulmuş əsas vəzifədir. Mən əsasən informasiya texnologiyaları, yüksək texnologiya və xidmətləri nəzərdə tuturam”.
Prezident İlham Əliyev Avropa Birliyi ilə müqayisədə ABŞ iqtisadiyyatının daha stabil göründüyünü də qeyd edib.