Pakistanın “Diplomatik Star” jurnalı Xocalı faciəsindən yazdı
22 fevral 2014 12:04 (UTC +04:00)

Pakistanın “Diplomatik Star” jurnalı Xocalı faciəsindən yazdı

Pakistanda diplomatik dairələrdə geniş oxucu auditoriyasına malik olan ingilis dilli “Diplomatik Star” jurnalında Pakistan Müdafiə Universitetinin tədqiqatçı-alimi İffat Pərvizin “Xocalı: Azərbaycanlıların amansız soyqırımı” adlı  məqaləsi  dərc olunub. Lent.az-ın məlumatına görə, yazıda, Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliklərin bəşər tarixində analoqu olmadığı bildirilib. Qeyd edilib ki, 1992-ci ildə əhalisi 7000 nəfər olan və strateji Ağdam – Şuşa - Xankəndi - Əsgəran yolunda yerləşmən bu şəhərdə ermənilər tərəfindən törədilən soyqırım düşünülmüş və əvvəlcədən hazırlanmış bir aksiya olub.

 

Məqalədə bildirilir ki, fevralın 25-dən 26 - a keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə ermənilər Xocalıya genişmiqyaslı hücuma keçib,  azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla 613 nəfər günahsız mülki insan  xüsusi qəddarlıqla öldürülüb, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.

 

Müəllif bildirib ki, hücum zamanı Xocalı sakinləri şəhərin şərq və şimal istiqamətlərindən Əsgəran istiqamətinə qaçmağa başlayıb, 300 nəfərə yaxın insan isə evlərdə qalıb və onların bir çoxu erməni yaraqlıları tərəfindən qətl ediliblər. Şaxtalı hava şəraitində uzun yol qət edən xocalılar Əsgəran - Naxçivanik arasında yerləşən əraziyə çatmağa müvəffəq olub və orada tələyə düşərək erməni yaraqlıları tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər.  Yalnız Martın 1-də yerli və xarici jurnalistlər  sözügedən  əraziyə gəlməyə müvəffəq olub və sakinlərin meyitlərinin təhqir olunması faktları haqqında geniş dünya ictimaiyyətinə məlumat verilib. Yazıda eyni zamanda, 200 nəfərə yaxın Xocalı sakininin girov götürüldüyü və onlara qarşı işgəncələr tətbiq olunduğu qeyd edilib.

 

Daha sonra jurnalda, azərbaycanlı jurnalist Çingiz Mustafayevin məhv edilən insanların faciəli durumunu lentə aldığı da bildirilib. Onunla birlikdə hadisə yerinə gedən rus jurnalisti Yuri Romanov bu haqda bölüşdüyü xatirələrin dəhşətlərini qələmə alıb. Mülki sakinlərin meyitlərinin səpələndiyi  sahədə göy gödəkcəli  körpə qız və  üzü üstündə uzanan ağsaçlı qoca qadın rus jurnalistin diqqətini cəlb edib. Hər iki nəfərin  alnından  vurulduğu qeyd edilib, uşağın  əlləri  ayaqları tikanlı məftillə bağlanıb və qoca nənəsinə sarılıb.  Bu dəhşətli səhnəni görən Romanov şoka düşərək öz kamerasının mövcudluğunu bir anlığa yaddan çıxarıb. 

 

Məqalədə Human Rights Watch  beynəlxalq təşkilatının Xocalıda baş vermiş qətliyamı “münaqişənin ən böyük qırğını” adlandırdığı, Moskvada yerləşən Memorial insan hüquqları qrupunun isə Erməni hərbçilərinin törətdikləri vəhşiliklərin bir sıra beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğu qeyd edilib.  

 

Məqalədə,  Pakistan Senatının 01.02.2012 - ci il tarixində Xocalı soyqırımını tanıyaraq bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb etdiyi öz əksini tapıb. Müəllif vurğulayıb ki, Meksika, Rumıniya, Kolumbiya, Çexiya, ABŞ-nin bir sıra ştatları, Kanadanın Alberta ştatı,  İƏT, Qoşulmama Təşkilatı Xocalı soyqırımına qiymət verib, həmçinin bu məsələ bir sıra dövlətlərin parlamentlərində müzakirə mövzusu olaraq qəti şəkildə pislənilib.

 

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

 

http://www.diplomaticstar.net/khojaly-the-brutal-genocide-in-azerbaijan.html

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar