“O, çox sakit, səmimi, təmkinli təsir bağışlayırdı. Sərgidə də ən çox müasir texnologiyalarla maraqlanırdı. İnanmazdım ki, bu adam nə vaxtsa dövlət çevrilişi etsin". Bunu Lent.az-ın əməkdaşı ilə söhbətində Misirin müdafiə naziri Əbdülfəttah əl-Sisi ilə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisində bir yerdə olmuş APA-nın əməkdaşı Rəşad Süleymanov bildirib.
Süleymanovun sözlərinə görə, Sisi Azərbaycan silahlarına böyük maraq göstərib: “Sərginin ilk günü Sisi Türkiyənin və bir neçə ölkənin müdafiə naziri ilə birgə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendinə yaxınlaşdı. Azərbaycanda istehsal olunmuş silahları ilə yaxından maraqlandı. Dedi ki, inanmazdım, Azərbaycan kimi kiçik və gənc dövlət bu cür müasir silahlar yaratmaq istiqamətində addımlar atsın. Sonra da bildirdi ki, bu, bir müsəlman dövləti kimi bizə xoşdur”.
APA əməkdaşı onu da vurğulayıb ki, general bir jurnalist olaraq onun daim marağında olub: “Çünki hələ 2011-ci ildə Sisinin “Təhrir” meydanının boşaldılmasında xidməti olmuşdu”.
Sərgi zamanı misirli nazirlə bir neçə dəfə görüşdüyünü deyən azərbaycanlı jurnalist qeyd edib ki, Sisinin Azərbaycanla yanaşı, bütövlükdə türk dünyasına da münasibəti müsbət idi: “Onun türk dünyasına, xüsusən də azərbaycanlılara, türklərə qarşı münasibətinin yaxşı idi”.
R. Süleymanov onu da bildirib ki, Sisi modern düşüncəyə malik bir insandır: “Onun modern düşüncə tərzinə, azad düşüncəyə malik olmasının şahid oldum”.
APA əməkdaşının sözlərinə görə, Misirin müdafiə naziri ABŞ və İngiltərədə hərbi təhsil almağına baxmayaraq, həm də dindar bir şəxsdir: “Biz sərgi zamanı şahid olduq ki, o namaz vaxtı gedib namaz qılırdı, bir anda qaçırmırdı”.
R. Süleymanov bildirdi ki, Sisi sərgi müddətində bir neçə dəfə bizi nahara da dəvət etdi. Bir məsələni də deyim ki, o, nədənsə məni misir jurnalistinə bənzətmişdi”.
Qeyd edək ki, Misirdə bir neçə gün öncə hərbi çevriliş olub və Misir prezidenti Mursi öz postundan kənarlaşdırılıb. Mursi isə general Sisinin komandanlığı altındakı ordu tərəfindən vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib.