Dünyanın ən bahalı filmində Məhəmməd peyğəmbər görüntülənməyəcək
Məhəmməd peyğəmbərin həyatı ilə bağlı 7 bölümdən ibarət film çəkiləcək. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, filmi Qətərin “Nur” şirkəti çəkəcək.
Şirkətin rəhbəri Ahmet əl-Haşimi “France-Presse” agentliyinə açıqlamasında ingilis dilində çəkiləcək filmin büdcəsinin 1 milyard dollar olacağını söyləyib. O, ssenarinin yazılması prosesinin yekunlaşmaqda olduğunu, islam inancına zidd olduğu üçün Məhəmməd peyğəmbərin filmin heç bir səhnəsində görünməyəcəyini bildirib.
Qeyd edək ki, Qətərin “Nur” şirkəti ilk dəfə hələ 2009-cu ildə belə bir film çəkəcəyini, 3 bölümdən ibarət filmin büdcəsinin 450 milyon dollar olacağını açıqlamışdı. İndi isə 7 bölümdən ibarət filmdən və 1 milyard dollarlıq büdcədən bəhs edilir. Bu nəhəng layihənin Məhəmməd peyğəmbərə yönəlik təhqirlərin yer aldığı “Müsəlmanların məsumiyyəti” filminə cavab mesajı olduğu düşünülür. Bu film çəkilərsə, həm də indiyə qədər dünyada çəkilən filmlər içərisində büdcəsi ilə ilk yerdə qərarlaşacaq. Hazırda ən bahalı büdcəyə malik filmlərin siyahısına “Qara dəniz quldurları – Dünyanın sonu” filmi başçılıq edir. Bu filmin çəkilişinə 300 milyon dollar xərc çəkilib və film 950 milyon dollar gəlir gətirib.