Malta Respublikasının hakimiyyəti bildirib ki, bu ölkənin vətəndaşı olmaq istəyənlərin arasında Türkiyədən olan varlılar üstünlük təşkil edir.
Lent.az-ın Türkiyədə çıxan «Milliyət» qəzetinə istinadən məlumatına görə, Maltanın xarici işlər naziri Corc Vellan deyib ki, vətəndaşlıq almaq üçün daha çox ölkəsinin İstanbul və Dubaydakı konsulluğuna müraciət edirlər.
Bu yaxınlarda Malta hakimiyyəti vətəndaşlıqla bağlı yeni proqramını elan edib. Həmin proqrama əsasən, respublikada daimi yaşamamaq şərti ilə 1,15 milyon avroya Malta vətəndaşlığı pasportunu əldə etmək mümkündür.
Malta Avropa Birliyi və Şengen qrupunun üzvü olduğundan bu ölkənin vətəndaşı olanlar Avropanın bir çox dövlətinə sərbəst şəkildə gedə və yaşaya bilər.
Bu proqram Avropa Komissiyasında narazılıqla qarşılanıb. Ona görə də Malta proqramında dəyişiklik edib. Düzəlişə görə, Malta ərazisində bir ilədək yaşayanlar bu respublikanın vətəndaşı ola bilər.