Şimali Koreya rəhbərliyi xarici sərmayədarları ölkəyə buraxmaq üçün Almaniyadan iqtisadçı və hüquqçuları dəvət edib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, mütəxəssislərdən biri deyib:«Baş plan mövcuddur. Onlar bu il xariciləri ölkəyə buraxmaq istəyir. Pxenyanı Çinin iqtisadi modeli maraqlandırmır. Onlar Vyetnamdakının oxşarını qumaq istəyirlər. Orda xarici sərmayələr üçün məqsədli şəkildə müəssislər yaradılır».
Şimali Koreyanın lideri Kim Çen In son 19 ildə ilk dəfə olaraq, yeni il müraciətində ölkə siyasətində «radikal dönüşün» ola biləcəyindən, Cənubi Koreya ilə birləşməyin mümkün olmasından danışıb.
Bundan başqa Kim Çen In 2013-cü ildə ciddi iqtisadi yenidənqurmadan da söz açıb.
Mənbənin məlumatına əsasən, «Google» direktorlar şurasının sədri Erik Şmidt və Nyu-Meksika ştatının keçmiş qubernatoru Bill Riçardson yanvarda Şimali Koreyaya səfər etməyi planlaşdırıb.
ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland bildirib ki, onların səfəri istisnasız olaraq, şəxsidir.