Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu “Todays Zaman” qəzetinin azərbaycanlı redaktoru Mahir Zeynalovun ölkədən deportasiyasına münasibət bildirib.
APA-nın xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bildirib ki, hər siyasətçinin tənqidə ehtiyacı var: “Bir jurnalist “twit” atdı deyə ölkədən çıxarılırsa, bu, həmin qəzetin və jurnalistin gücünü, onu ölkədən çıxaran siyasətçinin isə zəifliyini göstərir. Medianın xalq adından sual vermək hüququ var. Baş nazir özünə yaxın media ordusu formalaşdırmaq istəyir, bu, yolverilməzdir”.
İnternet üzərində nəzarət tətbiq edilməsi barədə qanunu şərh edən partiya lideri deyib ki, heç bir qadağa uzun sürə bilməz: “İstədikləri qadağaları tətbiq etsinlər, millət bu yasaqları qıracaq. Heç bir yasaq sürəkli olmayıb, Kənan Evren cəhd etdi, olmadı. Rütbəsiz diktator yasaq gətirməyə çalışır, bu da olmayacaq”.
Baş nazir Ərdoğanın rəy sorğularının nəticələrinə müdaxilə etməsi ilə bağlı gizli telefon danışıqlarının üzə çıxmasına toxunan K. Kılıçdaroğlu hesab edir ki, bu qədər qalmaqaldan sonra R. T. Ərdoğan baş nazir kreslosunda oturmamalıdır..