Ukraynada araşdırmaçı jurnalist Tatyana Çernovol Kiyevdəki evinin ətrafında naməlum adamlar tərəfindən döyülüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 34 yaşlı jurnalist vəzifəli şəxslər, hakim dairələrin korrupsiyaya qurşanması barədə araşdırmaları ilə tanınır. O, hakimiyyətə qarşı son etiraz aksiyalarını işıqlandıran jurnalistlərdəndir.
Mənbə hazırda onun o reanimasiya şöbəsində olduğunu bildirib.
Yüzlərlə etirazçı Ukraynanın Daxili İşlər Nazirliyinin binası qarşısına yığışaraq, nazirin istefasını tələb edib.
Prezident Viktor Yanukoviç polisə günahkarların tapılıb cəzalandırılması haqda göstəriş verib.
ATƏT söz azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç jurnalistin döyülməsindən dərin narahatlıq bildirib və hərtərəfli araşdırma aparmağa çağırıb.
ABŞ və Avropa Birliyi də Ukrayna hakimiyyətini olayı araşdırmağa, jurnalisti döyənin, onun sifarişçisinin tapılıb məsuliyyətə cəlb etməyə çağırıb.
Ölkənin Daxili İşlər Nazirliyi jurnalisti döymək şübhəli bilinən iki nəfəri saxladıqlarını bildirib.