Rüşvət və korrupsiya işi ilə bağlı istintaqa başçılıq edən prokuror Zəkəriyyə Öz barəsində irəli sürülən iddiaları təkzib edib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, təkzib mətnində bildirib: «77 min lirəlik iddia edilən Dubay tətili əslində 4 min 250 dollara başa gəlib. Bilet pulu isə 5 min 500 dollar təşkil edib».
Prokurorun yazdığına əsasən, oktyabrın 17-20-də Dubayda ailəsi ilə birlikdə tətildə olub. Qəzet isə onların oktyabrın 16-23 –də tətildə olduğunu yazıb. O, oktyabrın 21-də iş başında olduğunu bildirib.
«Bu qaimələrin hazırlandığından xəbərim yoxdur, orada göstərilən kredit kartı da mənə aid deyil.Oteldəki yeməklərə gəlincə, mən və ailəm mehmanxanada deyil, oradan kənarda yeməyə üstünlük vermişik» - deyə, Z.Öz vurğulayıb.
O, 6 qoruma polisinin xidmətindən, zirehli avtomobildən 6 aydır istifadə etmədiyini bildirib. Prokuror əlindəki bütün qəbzləri, təyyarə biletini də açıqlayacağını diqqətə çatdırıb: «Bu iftiraları atanlar, onları isbatlayarlarsa, istefa edərəm, sübut edə bilməsələr onda özləri istefa etsinlər».
Xatırladaq ki, «Sabah» qəzetinin yanvarın 6-sı tarixli sayında yazıb ki, prokuror Zəkəriyyə Öz və onu müşayiət edən 8 nəfər Dubayda «5 ulduz»lu mehmanxanada istirahət edib və onun 77 min lirəlik (təxminən 30 min manat) hesabını tikinti şirkətlərindən biri ödəyib.
Məsələ ilə bağlı Zəkəriyyə Öz qəzetçilərin sualını cavablandırarkən, iddiaların doğru olmadığını və «xəbəri yayımlayan qəzet üçün bir təkzib mətni hazırlayacağını» bildirmişdi.
Xəbərdə adı çəkilən şirkət «Ağaoğlu şirkətlər» qrupuna daxildir. «Ağaoğlu şirkətlər qrup»u prokurorla çox əvvəllərdən tanış olduğunu və bu tanışlıq çərçivəsində Dubayda onu qonaq etdiklərini bildirmişdi: «Həmin qonaqlığı 15 ildir bölgədə fəaliyyət göstərən və son 2 ildə körfəz ölkələrində təmsilçiliyimiz həyata keçirən qrupumuz gerçəkləşdirib».