Keçən həftənin birinci günü İranın Fordodakı nüvə obyektində partlayış baş verib.
Lent.az-ın verdiyi məlumata görə, İran İnqilab Qvardiyasının keçmiş zabiti Reza Kaxlili bunu “wnd.com” saytına açıqlamasında bildirib.
Reza Kaxlili deyib ki, partlayış nüvə obyektinin əksər hissəsini məhv edib, 250 işçi yer altında daş tələyə düşüb. 1980-90-cı illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etmiş Reza Kaxlili Fordodakı partlayış barədə məlumatı ona obyektin müdafiəsi ilə məşğul olan təhlükəsizlik orqanındakı mənbədən əldə etdiyini söyləyib. Fordodakı nüvə obyekti hava hücumundan qorunmaq üçün dağın dərinliyində yerləşir. Partlayış obyektdə titrəyişə yol açıb və ərazi də 3 mil radiusunda silkələnib. İran təhlükəsizlik qüvvələri nüvə obyektindən 15 mil uzaqlıqda nəqliyyatın və insanların hərəkətinə qadağa qoyub, Tehran-Qum magistralı isə partlayışdan bir neçə saat sonra bağlanıb.
“Sunday Times” qəzeti yazır ki, İsrail kəşfiyyatı bu barədə xəbəri təsdiqləyib. İsrailin rəsmi şəxsləri bildiriblər ki, İran hələ nüvə obyektində nə baş verdiyini və bunun nə dərəcədə ciddi olduğunu hələ yeni anlamağa başlayıb. Nüvə obyektində partlayışın təxribat, yoxsa bədbəxt hadisə olduğu da hələ müəyyənləşməyib. İsrail rəsmisi partlayış baş verən zaman İsrail kəşfiyyat təyyarəsinin obyekt yaxınlığında müşayiət olunması barədə məsələyə isə şərh verməkdən imtina edib.
İran isə hələ ki, Fordodakı nüvə obyektində partlayışın baş verməsi barədə xəbəri təkzib edir. İranın Atom Enerjisi üzrə Təşkilatının sədrinin müavini Səid Şəmsəddin Bar Brudi isə bazar günü axşam saatlarında İRNA agentliyinə açıqlamasında deyib ki, bu, İranın nüvə proqramı ilə bağlı danışıqlara mane olmaq üçün aparılan Qərb təbliğatıdır. İran parlamentinin Milli təhlükəsizlik və xarici məsələlər üzrə komissiyasının rəhbəri Ələddin Borucedi də nüvə obyektində partlayış baş verdiyini təkzib edib.