Dekabrın 29-da İran parlamentində deputat Əli Mütəhhəri İrandakı müxalifətin 3 ildir ev dustaqlığında saxlanılan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, deputat rəsmilərin, o cümlədən İran Məhkəmə Sistemi rəisinin bu məhbuslara və 2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə etirazlara görə tutulub zindana salınanlara qarşı verilən bəyanatları qınayıb: «2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə etirazlarda həbs olunan siyasi məhbuslara qarşı çıxarılan ağır və ədalətsiz hökmlər qəbuledilməzdir. Nə qədər ki tərəflərdən biri öz sözünü deməkdən, özünü müdafiə etmək hüququndan məhrum edilir, o biri tərəf isə ona qarşı istədiyi böhtan və ittihamları yağdırır bu böhran öz həllini tapmayacaq.
İran Məhkəmə Sisteminin rəisi üzdəniraq “fitnə” haqqında şüar vermək əvəzinə problemin həllinə çalışmalıdır. Problemin həlli isə bu qurumun müxtəlif təhlükəsizlik orqanlarından təsir və göstəriş almasından yox, onun müstəqil olmasından asılıdır. Məsələnin həllini də mən, Musəvi, Kərrubi və keçmiş prezident Mahmud Əhmədinejadın eyni vaxtda məhkəməsinin keçirilməsində görürəm”.
Deputatın çıxışında səsləndirdiyi bəyanatlara etiraz bildirən İran parlamentinin bir sıra deputatları Əli Mütəhhəriyə qarşı “fitnəçiyə ölüm” şüarı səsləndiriblər.
Xatırladaq ki, Qum dini mərkəzinin təmsilçisi, din xadimi Qasım Rəvanbəxş jurnalistlərə açıqlamasında Mirhüseyn Musəvi və Mehdi Kərrubini ölkəyə və sistemə qarşı «xəyanətdə» günahlandırmışdı.
Musəvi və Kərrubini 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlara görə “fitnə başçıları” adlandırmışdı: «Musəvi və Kərrubinin ölkəyə, dölət quruluşuna qarşı xəyanəti və onların törətdikləri cinayətləri islam hakimiyyəti bərqərar olan gündən bu yana heç kəs edə bilməyib.
Mən öz əllərimlə dar ağacının ipini Musəvi və Kərrubinin boynuna keçirməyə, bu iki xainin edamını icra etməyə hazıram. Ruhani hökuməti də fitnəçilərin hər bir hərəkətini nəzarətdə saxlamalı, ölkənin bu kimi şəxslərin əlinə düşməsinə imkan verməməlidir».