«İran Britaniyaya inanmır». Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bunu İslam Respublikası məclisi milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Britaniya parlamenti nümayəndə heyətinin Tehrana səfərini şərh edərkən deyib.
O, tarixə nəzər salaraq, bildirib ki, London İrana münasibətdə müsbətdən çox, mənfi oynayıb.
İngilis deputatların İrana səfəri beynəlxalq anlaşmalar əsasında gerçəkləşsə də, Həqiqətpur İran xalqını «britaniyalıların fitnəsindən qorunmağa» çağırıb.
O, Pəhləvi şahları dövründə Britaniyanın İranda gördüyü neqativ işləri yada salaraq, onların yenidən İslam Respublikasında «öz ideyalarını yeridəcəklərini» söyləyib.
Xatırladaq ki, Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounun başçılığı ilə nümayəndə heyəti İrana səfəri çərçivəsində bir sıra görülər keçirib.
2011-ci ilin noyabrından isə Tehranla London arasında diplomatik münasibət kəsilmişdi. 2013-cü ilin payızından bu sahədə istiləşmə hiss olunur. Artıq tərəflər diplomatik əlaqələr bərpa edib.