Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu iddia edilən Babək Zəncani ölkəsində saxlanılıb.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına, bu haqda Ədliyyə Nazirliyi açıqlama yayıb. O, İran neftinin “qara bazar”da satışından qanunsuz gəlir əldə etməkdə günahlandırılır.
***
07.43
Türkiyədə başlayan «böyük korrupsiya və rüşvət əməliyyatının» bir ucu İrandadır.
Lent.az-ın Türkiyənin «sözçü» saytına istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhani müavini İshaq Cahangiriyə beynəlxalq sanksiyaların təsirini azaltmaq məqsədi ilə iqtisadi güzəştlərdən qanunsuz istifadə edənlərə qarşı ölçü götürülməsini və onların cəzalandırılmasını istəyib.
«Ölkənin inkişafı üçün fəaliyyətin şəffaf və etibarlı olması önəmlidir. Xüsusi imtiyazlardan sui-istifadə edərək, korrupsiya qurşanma və qanunsuz yolla qazanc əldə edib, varlananların cəzalandırılması üçün təcili tədbirlər görülməlidir»- deyə, H.Ruhani bildirib.
Hədəfdə Türkiyədə tutulan əslən iranlı iş adamı Rza Zərrabın İslam Respublikasındakı ortağı Babək Zəncaninin olduğu istisna edilmir. Sanksiyalardan yayınmaq məqsədi ilə İran hakimiyyəti neft və təbii qaz satmaq üçün bəzi iş adamlarına imtiyazlar verib. Onlardan biri də 39 yaşlı Babək Zəncanidir.
Mənbənin məlumatına əsasən, o, Zərrabın vasitəçiliyi ilə İrana satdığı qızıl qarşılığında Türkiyəyə neft və təbii qaz ötürüb.
Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvətinin olduğu iddia edilir.