İranın şimalında Xəzər sahilboyu ərazisində 480 min Evin təbii qaz və işıqla təchiz edilməsində fasilələr yaranıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Livanda çıxan «Daily Star» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, həmin ərazidə, Mazandaran əyalətində bir milyondan çox insan çətin vəziyyətlə üzləşib.
Məlumata əsasən, əyalətə yarım metrdən artıq qar yağıb.
Fevralın 1-dən başlayan qar-çovğun bütün əyaləti bürüyüb, əhalinin işıq və suyu kəsilib, işləyən çörək mağazaları və yanacaqdoldurma məntəqələrinin sayı az olduğundan nəqliyyat vasitələrinin hərəkətində, əhalinin gediş-gəlişində ciddi problem yaranıb, məktəblər bağlanıb.
İran Qızıl Aypara Təşkilatı bəyanat yayaraq Mazandaran əyalətində çovğundan ən çox ziyan çəkmiş 2 min nəfərə yardım göstərildiyini bildirib.
Mazandaran əyalətinin qubernatoru Rəbi Fəllah fevralın 3-də jurnalistlərə deyib ki, onlar əhalinin üzləşdiyi problemləri həll etməyə çalışırlar.
İran yol polisinin komandanı Məhəmmədrza Mehmandar bildirib ki, Mazandarandan başqa İsfahan, Gilan şəhərlərinə, ölkənin mərkəzi əyalətlərinə də güclü qar yağıb: «Təəssüflər olsun ki, polis qüvvələrinin bütün səyinə baxmayaraq şəhərlərarası əsas yollar hələ də bağlıdır».
Xatırladaq ki, Güney Azərbaycanın dağlıq bölgələrində də vəziyyət oxşardır.
İran Milli neft-kimya şirkətinin direktoru Abbas Şəri Müqqədəm isə bildirib ki, neft-kimya zavodlarında «yetərincə məhsul var, ona görə də bazar heç bir problem üzləşməyəcək».