Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən icması arasındakı soyuq savaş gündən-günə gərginləşməyə davam edir. F. Gülənin ad çəkmədən Ərdoğan hakimiyyətinə qarğış etməsi baş nazirin “cəsarəti varsa, ad çəksin” cavabı ilə qarşılanmışdı.
Lent.az-ın məlumatına görə, Gülənin Türkiyədə sözçüsü hesab olunan “Zaman” qəzetinin yazarı Hüseyn Gülərcə AKP hökuməti ilə soyuq savaşa son qoymaqla bağlı şərtlərini açıqlayıb.
H. Gülərcə özünün “Twitter”dəki səhifəsində yazıb ki, “bu yanğını söndürməyə çalışanlara yol açmaq” lazımdır.
Gülən Hərəkatının Türkiyədə əsas təmsilçilərindən olan Gülərcə daha sonra yazıb:
“1. Yanğına benzin yox, su tökmək lazımdır.
2. Yanğını söndürməyə çalışanlara yol açmaq lazımdır.
3. Yanğını ilk kim başladıb mübahisəsinə girmək lazım deyil
Allah buyurur: Pislikləri yaxşılıqla uzaqlaşdırın. Görəcəksiniz ki, düşmən bildikləriniz mehriban bir dost olub. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin”.
H.Gülərcə eyni zamanda Ərdoğan hökuməti ilə Gülən Hərəkatı arasındakı bu müharibənin dayandırılmasının əsas şərtlərini də açıqlayıb:
“1. Korrupsiyanın üstü örtülməməlidir.
2. Bürokratiya paralel dövlət qura bilməz, mülki hökmranlıq ola bilməz.
3. Ləyaqət əsas amil olmalıdır. Hüquq əsas götürülməlidir və hüquqdan kənara çıxılmamalıdır”.