Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini və dövlət naziri Məhmət Əli Şahin ABŞ-da yaşayan Fətullah Gülənin ölkəyə qayıtmasını xahiş edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, M.Ə.Şahin Gülənin Türkiyə hökumətini nəzərdə tutaraq qarğış etməsini də qınayıb. O deyib ki, insan səhv edə bilər və Gülənin də həmin sözləri ilə səhv etdiyini anladığına inanır: “Kaş qarğış etməyəydi. Ancaq bu dünyada səhv etməyən yeganə şəxs peyğəmbərimizdir”.
Dövlət naziri Güləndən Türkiyəyə qayıtmağı xahiş edib: “Sevgili müəllimim, qayıdın ölkəyə. Vətənin havasını udun və bu təmiz hava ciyərlərinizdəki mikrobları öldürsün. Türkiyədə sizin adınızdan istifadə edilərək fitnə yayılır. Gəlin, bunu düzəldin, sizi sevirik”.