Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan sabah İrana rəsmi səfər edəcək.
APA-nın Türkiyənin “Axşam” qəzetinə istinadən verdiyi məlumata görə, R.T.Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Nihat Zeybəkçi, habelə digər rəsmi şəxlər, iş adamları və mətbuat nümayəndələri müşayiət edəcək.
Türkiyə baş nazirinin Tehrana ikigünlük səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi, ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri və digər rəsmilərlə görüşləri planlaşdırılır.
Görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyat müzakirə olunacaq.
Bəzi məlumatlara əsasən, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılacağı, iki ölkə arasında güzəştli ticarət razılaşmasının imzalanacağı, İranla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir.