Türkiyədə ötən həftə başladılan korrupsiya əməliyyatları Ərdoğan hökuməti ilə Fətullah Gülən icması arasındakı savaşı pik nöqtəsinə çıxarıb.
Lent.az-ın məlumatına görə, baş nazir Ərdoğanın baş müşaviri Yalçın Akdoğan Gülən icması ilə bağlı şok ittihamla çıxış edib.
Y.Akdoğan bu gün qələmə aldığı məqaləsində Fətullah Gülən və onun rəhbərlik etdiyi hərəkatı nəzərdə tutaraq aşağıdakı ittihamı dilə gətirib: “Öz ölkəsinin ordusuna, milli kəşfiyyatına, milli bankına, millətin könlündə yer alan iqtidarına tələ quranların bu ölkənin xeyrinə bir iş görmüş olmayacaqları çox yaxşı bilinir. Məqsədə çatmaq üçün hər yolu uyğun görənlərin xəstə yanaşmalar sərgilədiyi çox yaxşı bilinir”.
Qeyd edək ki, AKP iqtidarına qarşı başladılmış son korrupsiya əməliyyatlarının arxasında Gülən icmasının dayandığı bildirilir. Ərdoğanın baş müşaviri Y.Akdoğan da yuxarıda qeyd olunan məqaləsi ilə Fətullah Gülənin ad çəkmədən AKP və onun rəhbərliyinə qarğış etməsi faktına cavab verib.