Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Manisada bələdiyyə seçkiləri ilə bağlı kampaniya çərçivəsində mitinq keçirib.
Lent.az-ın məlumatına görə, baş nazir iki həftədir Türkiyənin gündəmini zəbt edən korrupsiya əməliyyatlarından da danışıb.
Ərdoğan deyib ki, korrupsiyaya qarşı mübarizədə heç kimə güzəşt etmək fikirləri yoxdur: “Atamın oğlu da, övladım da olsa, korrupsiya ilə mübarizədə heç kimə güzəşt etmərik. Ancaq korrupsiyaya bulaşmamış insanları da korrupsiyanın içindəymiş kimi göstərənləri bağışlamarıq”.
Ərdoğan ana müxalifətin lideri Kamal Kılıçdaroğlunu da topa tutub. Baş nazirin sözlərinə görə, CHP sədri “kaset sədri”dir. O, CHP-nin keçmiş sədri Dəniz Baykalın seks videosu qalmaqalı ilə vəzifədən uzaqlaşdırılması və yerinə K.Kılıçdaroğlunun seçilməsinə eyhamla belə deyib.
Baş nazir bildirib ki, Türkiyədə müxalifət vətənə xəyanətlə məşğuldur. O deyib ki, əməliyyatlar başlayandan bəri Türkiyə iqtisadiyyatına 120 milyard dollar ziyan dəyib.