“Mən dəstəmazımdan əminəm. Üz qızardacaq bir işin içində olmamışam. Bu hadisəni populyar birinin vasitəsilə yaymaq istədilər. Mən də məşhur olmağın qarşılığını ödədim”.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu sözləri Türkiyədə ötən həftə keçirilən korrupsiya əməliyyatları çərçivəsində saxlanılan və 3 gün sonra sərbəst buraxılan tanınmış iş adamı Əli Ağaoğlu deyib.
O, həbsindən sonra ilk dəfə geniş açıqlama ilə çıxış edib.
İş adamı deyib ki, polis idarəsində ondan yazıldığı kimi 20 saat yox, cəmi 8 saat ifadə alınıb.
Gördüyü işlərdə heç bir qanunsuzluq olmadığını bəyan edən Ə. Ağaoğlu deyib ki, keçirilən əməliyyatla Türkiyədə inşaat sektoru və ölkə iqtisadiyyatına böyük ziyan vurulub.
İş adamı deyib ki, məruz qaldıqları müdaxilə çox çirkin olub: “Bizə təhqiramiz davrandılar. İnsanların dərmanlarını belə vermədilər. Özüm üçün nə qorxdum, nə də narahat oldum. Ağlım övladlarımda idi. Hadisənin onlara necə təsir edəcəyini düşündüm”.