İraq hökuməti ABŞ-ın “Exxon Mobil” şirkətinə ultimatum verib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Exxon Mobil”-dən İraqın cənubundakı neft sahələri ilə Şimali İraqdakı neft sahələri arasında seçim etməsini istəyib.
İraqın neft naziri Abdülkerim Luabi deyib ki, “Exxon Mobil” İraqın həm cənubunda, həm də şimalında eyni vaxtda neft hasilatı ilə məşğul ola bilməyəcək: “Baş nazirimiz Nuri Əl Maliki və “Exxon Mobil” baş direktoru Rex Tillerun iştirakı ilə keçirilən son toplantıda birmənalı şəkildə bildirdik ki, bu məsələ ilə bağlı şirkətin önümüzdəki günlərdə yekun qərar verməsini gözləyirik”.
Qeyd edək ki, Bağdad Şimali İraqdakı Kürdüstan Muxtariyyətini İraq Konstitusiyasını pozaraq neft şirkətləri ilə qanunsuz müstəqil müqavilə bağlamaqda, bununla da separatizmə yol verməkdə günahlandırır. Məsud Bərzaninin rəhbəri olduğu Kürdüstan Muxtariyyəti isə İraq Konstitusiyasının mərkəzi hökumətin razılığı olmadan “Exxon Mobil” kimi şirkətlərlə müqavilə bağlamağa icazə verdiyini iddia edir. “Exxon Mobil” Şimali İraq Kürdüstan Muxtariyyəti ilə neft müqaviləsi bağlayan ilk neft şirkətidir. “Exxon Mobil”-dən sonra Fransanın Total, Rusiyanın “Qazprom Neft”, ABŞ-ın “Şevron’ şirkətləri də belə müqavilə bağlayıb.
Qeyd edək ki, keçən həftə “Apple” şirkətinin səhmlərinin ucuzlaşması ilə “Exxon Mobil” dünyanın ən dəyərli şirkəti statusuna yüksəlib.