İstanbulun Atatürk Hava Limanında maraqlı olay yaşanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 5-də polis İstanbul-Dubay reysi ilə uçacaq təyyarənin bir qrup sərnişinindən şübhələnib.
Qrupdakı 12 nəfərin hamısında eyni rəngdə və modeldə bel çantası olub. Çantalarda narkotik maddə olduğunu ehtimal edən polislər yoxlama zamanı çantalarda bazar dəyəri 30 milyon dollar olan 320 külçədən ibarət 27 kiloqram qızıl aşkarlayıblar. Qızıl külçələrin qaçaqmalçılıq yolu ilə Türkiyədən çıxarılmağa cəhd göstərildiyini düşünən polislər dərhal aeroportdakı gömrük əməkdaşlarına məlumat veriblər. Gömrükçülər və Maliyyə Nazirliyinin əməkdaşları qızıl külçələrinin məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı, Azərbaycan əsilli iş adam Rza Zərraba aid olduğunu müəyyənləşdiriblər. Qrupdakı insanlar qızıl külçələrinin qanuni sənədlər əsasında Türkiyədən çıxarıldığını bildirib, əllərindəki bəyannamələri göstəriblər. Bəyannamələrin saxta olub-olmadığı araşdırılıb. Bəyannamələr saxta çıxmayıb.
Bu arada Rza Zərrab da aeroporta çağırılıb. Rza Zərrab aeroporta gəlib, özünün qızıl ixracatçısı olduğunu və təyyarə daha etibarlı olduğu üçün xaricə qızılı bu yolla çıxardıqlarını söyləyib. Araşdırma başa çatandan sonra qızıl külçələri sahibinə qaytarılıb. Lakin Rza Zərrabın qızıl külçələrini aparan 12 əməkdaşını bu dəfə də Dubaya uçan sərnişin təyyarəsinə buraxmayıblar. Səbəb kimi isə çantaların yük ağırlığı həddini aşdığı göstərilib. Rza Zərrab qızıl aparan işçilərinin sayını 12 nəfərdən 20 nəfərə qaldırıb və yanvarın 6-da onları başqa bir təyyarə ilə Dubaya yola salıb.