İsrail KİV-ləri sabiq baş nazir Ariel Şaronun dəfn ediləcəyi tarixi açıqlayıblar. APA TV-nin məlumatına görə, qəzetlər dəfn mərasiminin bazar ertəsi - yanvarın 13-də keçiriləcəyini yazırlar. Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.
“Jerusalem Post” qəzetinin yazdığına görə, Ariel Şaronla vida mərasimi bu gün yerli vaxtla saat 12-dən 18-ədək keçiriləcək. Mərhumun nəşi İsrail Knessetinin binasında olacaq. Yanvarın 13-ü saat 14.30-da isə Ariel Şaronu Neqev səhrasındakı “Şikmim” ailə fermasında həyat yoldaşının yanında torpağa tapşıracaqlar.
İsrailin keçmiş naziri ötən gün 86 yaşında dünyasını dəyişib. O, 2006-cı ildə insult keçirib, 8 il ərzində isə komada olub. Yanvarın əvvəllərində Ariel Şaronun vəziyyətinin kəskin pisləşdiyi barədə məlumatlar yayıldı.