ABŞ Dövlət Departamenti YPG dəstələrinin Suriyanın Mənbic şəhərini tərk etmə tarixini şərh etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.
“Deyə bilərəm ki, onlar (YPG dəstələri) ABŞ-Türkiyə razılaşması çərçivəsində Mənbici tərk etməyə razılıq veriblər, lakin mən onların hazırda harada olduğunu deyə bilmərəm”, - deyə Hezer Nauert bildirib. H.Nauert həmçinin YPG dəstələrinin şəhərdən çıxma tarixini açıqlamaqdan boyun qaçırıb. O, bu suallara cavab tapmaq üçün jurnalistlərə birbaşa YPG-yə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu YPG dəstələrinin iyulun 4-dək Mənbici tərk edəcəklərini bildirib.