ABŞ prezidenti Barak Obama dekabrın 28-də İranın Latın Amerikası bölgəsinə nüfuzunun qarşısını almağı nəzərdə tutan qanunu təsdiqləyib.
Lent.az-ın məlumatına görə, ABŞ qanunvericilərinin bir neçə ay əvvəl qəbul etdiyi qanunu ABŞ Dövlət Departamenti həyata keçirəcək. Qanuna əsasən, Dövlət Departamenti 180 gün içində İranın Latın Amerikası bölgələrində fəaliyyətinin genişlənməsinin qarşısını almaq üçün yeni strategiya hazırlamalı, onu həyata keçirməlidir.
Yeni qanunda həmçinin İran İnqilab Keşikçiləri Qvardiyasının, onun nəzdində fəaliyyət göstərən “Qüds” qanadının, “Hizbullah” və İranla bağlı digər terrorçu təşkilatların üzvlərinin Amerika ərazisinə girişinin qarşısını almaq üçün ABŞ-ın Kanada və Meksika ilə sərhədlərində nəzarəti gücləndirmək nəzərdə tutulur.