Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.
Məlumata əsasən, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır.
İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.
Qeyd edək ki, bu ilin martında fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.