ABŞ dövlət katibi Reks Tillerson rəsmi Dəməşqi yanvarın 22-də Suriyanın Şərqi Quta bölgəsində mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham edərək, insidentə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə R.Tillerson Parisdə məsələ ilə bağlı keçirdiyi görüşdə bildirib.
“Qutada son hadisələr Bəşər Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadəni davam edəcəyini ehtimal etməyə əsas verir”, - deyə dövlət katibi bildirib.
R.Tillersonun sözlərinə görə, Qutada kimyəvi silahdan istifadə və bu insidentlər nəticəsində çoxsaylı qurbanlara görə məsuliyyət Rusiyanın üzərinə düşür: “Məhz Rusiya Suriyadakı vəziyyətə müdaxilə etdikdən sonra kimyəvi silahdan istifadə halları qeydə alınmağa başladı”.
Rusiya və rəsmi Dəməşq bütün ittihamları əsassız adlandıraraq qətiyyətlə rədd etməkdə davam edir.