Klassik restoran anlayışını dəyişən qeyri-adi məkan Sinqapurda fəaliyyətə başlayıb. Burada müştərilərə sadəcə yemək deyil, otaqdan otağa sürünərək və dırmaşaraq keçdikləri iki saatlıq interaktiv macəra təqdim olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, restoranın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun ünvanının gizli saxlanılmasıdır.
Rezervasiya edən müştərilərə məkanın dəqiq yeri əvvəlcədən bildirilmir. Ünvan və girişlə bağlı məlumatlar yemək vaxtına az qalmış xüsusi mesaj vasitəsilə göndərilir.
Restorana giriş kafelərdən birinin daxilində yerləşən gizli qapıdan həyata keçirilir. Maksimum 8 nəfərlik qrup ilk dadımdan sonra güzgülər və işıqlarla bəzədilmiş sirli keçidlərdən keçərək restoranın fərqli hissələrinə daxil olur.
Burada bir otaqdan digərinə keçmək də adi deyil. Müştərilər növbəti məkana çatmaq üçün gizli divar panellərini tapmalı, pilləkənlərə dırmaşmalı, dar tunel və keçidlərdən sürünərək keçməlidirlər.
Bu səbəbdən restoran rəhbərliyi qonaqlara rahat şalvar və idman ayaqqabısı geyinməyi tövsiyə edir.
Təxminən iki saat davam edən təcrübə zamanı iştirakçılar altı fərqli konseptli otağa daxil olurlar. Qonaqlar hər otaqda hansı yeməyin təqdim ediləcəyini əvvəlcədən bilmirlər. Hər bir məkanın özünəməxsus hekayəsi, dekorasiyası və interaktiv oyunları var.