Sumqayıtda ipoteka ilə ev almaq istəyən şəxsə qarşı dələduzluq edən həbs olunub.
Lent.az-ın xəbərinə görə, təqsirləndirilən Zaur Abbasov (şərti adla) etibardan sui-istifadə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirib.
İttiham aktına görə, zərərçəkən Firuzə (şərti adla) Sumqayıt şəhərində Mənzil İnşaat Dövlət Agentliyinə məxsus binalardan ipoteka ilə ev almaq istəyib. Bunun üçün Zaur ona kömək edəcəyini deyib və qarşılığında ümumilikdə 12375 manat pul alıb. Lakin Zaur Firuzəyə nə ev almaqda kömək edib, nə də aldığı pulları qaytarıb.
Zərərçəkənin şikayəti əsasında Zaur Abbasov istintaqa cəlb olunub və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, aldığı pullardan 8000 manatı “Topaz”da uduzub, qalanını isə özünə xərcləyib. Zaur Abbasov bildirib ki, o, Firuzədən bu qədər pul ala biləcəyini düşünməyib. Məqsədi o olub ki, mərc oyunlarından çoxlu pul udsun. Həm özü qazansın, həm də Firuzənin pullarını qaytarsın. Lakin işlər istədiyi kimi getməyib. Z. Abbasov yekunda törətdiyi əməldən peşman olduğunu deyib.
Zərərçəkmiş şəxs isə ifadəsində ya dəymiş ziyanın tam ödənilməsini, ya da Zaurun həbs olunmasını istəyib.
Məhkəmənin qərarı ilə Z. Abbasov 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.