Kolumbiyanın cənubunda «FARK» (Kolumbiya Silahla İnqilabçı Qüvvələri) silahlı qruplaşması ilə hakimiyyət qüvvələri arasında baş vermiş silahlı toqquşma nəticəsində 4 əsgər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qarşıdurma zamanı Kubada Kolumbiya hakimiyyətinin təmsilçiləri ilə üsyançılar arasında sülh danışıqları davam edib.
«FARK»-ın təmsilçisi İvan Markes bildirib ki, ötən həftənin cümə günü oğurlandığı ehtimal olunan polislər barəsində məlumatsızdır.
Bir müddət öncə üsyançılar girovları saxlamaq haqlarının olduğunu bəyan edərək, onları «savaş əsirləri» adlandırırlar.
Üsyançılar tərəfindən birtərəfli qaydada elan olunmuş iki aylıq atəşkəs ötən həftə başa çatıb.
Kolumbiya hakimiyyəti bildirib ki, 50 illik münaqişə ilə bağlı sülh müqaviləsi imzalanmayanadək «FARK»-a qarşı hərbi əməliyyatı sürdürəcək. Yarım əsirlik münaqişə nəticəsində yarım milyondan çox insanın həlak olduğu ehtimal edilir.