Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı rejimin başçısı Bəşar Əsədin hakimiyyəti təhvil verməsi qarşılığında özünə ailəsinə və yaxın 142 adamına təminat istəməsi barədə «əş-Şərq əl-Ousat» qəzetinin yazdığını dolayı yolla təkzib edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Lavrov bir müddət öncə Əsədin hətta, Rusiya və Çin çağırsa belə Suriyanın tərk etməyəcəyini, orada qalıb öləcəyini deməsini xatırladıb:«Əgər ona istənilən təminatı verməyi arzulayan varsa, acizanə şəkildə xahiş edirik ki, buyurub bu addımı atsın».
Rusiyalı diplomat bir daha təkrar edib ki, Moskva Bəşar Əsədi dəvət etməyib və bunu etməyi planlaşdırmır da. Onun sözlərinə görə, bəzi dövlətlər Rusiyaya Əsədə şərait yaratmağa hazır olduqları ilə bağlı müraciət də ediblər.
«Biz onlara cavab olaraq, demişik:«Bunu bizə nə aidiyyəti var? Əgər elə planınız varsa, birbaşa ona müraciət edin» - deyən, Lavrov əlavə edib ki, Əsədin getməsi ilə «dava bitsə» onlar çox şad olarlar.
«Qərbin xüsusi xidmət orqanlarının ciddi və əsaslandırılmış proqnozları var. Onlara görə rejim çökəndən sonra da bu ölkədə faciə bitməyəcək. Yeni qüvvələr arasında mübarizə başlayacaq» - deyə, Rusiya XİN başçısı söyləyib.
O, bu sayaq olayları Yuqoslaviya və İraqda yaşadıqlarını bildirib.