«Cenevrə-1»-də qəbul olunmuş kommünikenin tələblərinin gerçəkləşdirilməsi istənilərsə, o zaman İran İsveçrənin Monrö şəhərində keçiriləcək «Cenervə-2» beynəlxalq konfransında iştirak etməyəcək.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu bəyanatla İslam Respublikasının BMT-dəki səfiri Məhəmməd Xəzai çıxış edib.
«Əgər İranın iştirakı Cenevrə kommünikesinin qəbulu ilə şərtləndirilərsə, o halda İslam Respublikası «Cenevrə-2» konfransında iştirak etməyəcək»-deyə, iranlı diplomat vurğulayıb.
2012-ci il iyulun 30-da qəbul edilmiş həmin sənədə əsasən, Suriyadakı indiki rejim öz səlahiyyətlərini bütövlükdə keçid hökumətə təhvil verir.
Xatırladaq ki, yanvarın 20-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm isə Suriya böhranının həlli məqsədilə İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransda ölkəsinin heç bir ön şərt irəli sürmədən iştirak edəcəyini deyib.
«İran Suriya böhranının siyasi yolla həll edilməsini dəstəkləyir və bu mövzuda ən öncül ölkələrdəndir. Biz Cenevrə konfransının Suriya böhranının həlli istiqamətində təsirli addımlar atmaq üçün uyğun bir zəmin ola biləcəyini hesab edirik»-deyə, mətbuat katibi söyləyib.