“Azərbaycanla hər sahədə olduğu kimi, müdafiə sənayesi, əsgər təlimləri sahəsində də yaxşı əməkdaşlığımız var”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu yaxınlarda Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən birgə təlimləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyədə keçirilən təlimlər taktiki təlimlər olub: “Bu təlimlər Türkiyə və Azərbaycan ordularının bir-birinə daha da yaxşılaşdırılması nöqteyi-nəzərdən vacibdir, bu cür fəaliyyətlər kifayət qədər faydalıdır”.
Diplomat qeyd edib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq artır və bu sahədə potensial böyükdür: “Türkiyə güclü müdafiə sənayesinin, Azərbaycan isə güclü ordusunun qurulmasında israrlıdır və bu istiqamətdə işlər davam etdiriləcək. Gələn aylarda Türkiyə müdafiə sənayesinin nümayəndələri Azərbaycana səfərə gələcək və bu sahədə nələr edə biləcəyimizi müzakirə edəcəyik”.