“Urmiya gölü ətrafındakı əhali başqa yerə köçsün, gedib başqa bir işlə məşğul olsunlar. Bu göl onsuz da quruyacaq. Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki, gölün iki ilə quruyacağını söyləyirsiniz, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?”.
Bu fikirləri İran parlamentinin üzvü Musəlrza Sərvəti hələ iki il əvvəl Güney Azərbaycanın Urmiya gölünün qurudulmasına dair öz ölkəsinin parlamentdəki çıxışında səsləndirmişdi. Bu, o vaxt idi ki, Azərbaycanın o tayında da, bu tayında da hər kəs İran rejiminin Urmiya gölünü qurutmaq istəyinə qarşı etirazlar edir, döyülüb söyülsə də, zindanlara atılsa belə, öz haqq səsi ilə dünyaya çar çəkirdi. Aradan iki ilə yaxın vaxt keçsə də, problem həllini tapmayıb.
Bəs, Urmiya gölünün qurumasına əsas səbəb nədir? İran hökuməti problemin qarşısını almaqda niyə maraqlı deyil və ya Güney Azərbaycan kimi həssas nöqtədə niyə soyuqqanlıdır? Bu gölün ətrafında uzun müddət davam edən, hətta beynəlxalq səviyyədə müzakirə mövzusuna çevrilən siyasətin arxasında nə dayanır?
Bu və ya digər suallara aydınlıq gətirmək üçün əvvəlcə Urmiya gölünün qidalandığı su mənbələrinin hazırkı durumuna nəzər salaq. Bəri başdan deyək ki, Azərbaycanın istər güneyində, istərsə də quzeyində Urmiya ən böyük göldür. İranın Şərqi və Qərbi Azərbaycan əyalətlərinin ortasında yerləşən bu gölün ümumi sahəsi 5960 kvadrat kilometrdir. 102 adadan ibarət Urmiya gölünün orta dərinliyi 5, ən dərin yeri isə 16 metrdir. Bu adaların birində məşhur sərkərdə Çingiz Xanın nəvəsi Hülaki Xanın qəbri yerləşir. YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil olan göldə 27 növ məməli, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, 41 növ sürünən, 27 növ balıq yaşayır. Urmiya gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter daşıyır. Gölün əsas su mənbələri Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay çaylarıdır. Gölün su tökülən hövzəsi Təbriz, Urmiya, Xoy, Tufarqan, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Üşnü və Sulduz buzqırlarına şamildir. Bu hövzə Güney Azərbaycan torpaqlarının təxminən 20 faizində əkin yararlı ərazilərin münbitliyini təmin edir.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru, Qlobal Ekoloji Fondun Azərbaycan üzrə nümayəndəsi Telman Zeynalov deyir ki, Urmiyanın qurumasına əsas səbəb gölə axıdılan çayların və bulaqların istiqamətinin dəyişdirilməsidir. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan şəxslər bol məhsul əldə etmək üçün Urmiyaya gələn su mənbələrinin istiqamətlərini dəyişərək öz təsərrüfatlarına yönəldiblər. Nəticədə göldə suyun səviyyəsi azalıb: “Buxarlanmanın çox, yağıntının isə az olduğu belə iqlim şəraiti Urmiyanın qurumasını bir qədər də sürətləndirir və bu, əhalinin həmin əraziləri tərk etməsi ilə nəticələnir”.
***
Ekoloq-alim deyir ki, İran hökuməti Urmiya gölünün qurumasının əsas səbəbini öyrənmək niyyətində deyil. Bu barədə İranın radiosuna da müsahibə verdiyini, radio vasitəsilə İran hökumətinə müraciət etdiyini xatırladan Telman Zeynalov deyir ki, rəsmi Tehran hövzənin ekoloji problemini həll etmək üçün ilk növbədə ciddi elmi araşdırmalara başlamalı, gölü qidalandıran su mənbələrinin axın istiqamətini əvvəlki təbii vəziyyətə qaytarmalıdır: “Hələ 2011-ci ildə radio vasitəsilə prezident Əhmədineda xəbər göndərdim ki, əgər Urmiya gölünü qoruyub saxlamaq niyyətindədirsə, onun ətrafında yaşayan 2 milyon əhaliyə yardımçı olmaq istəyirsə, vəsait ayırsın, alimlər bu problemlə bağlı araşdırmalar aparsın. Urmiya gölünə axıdılan çaylar və bulaqların nəyə görə quruyub və onların istiqamətləri niyə dəyişdirilib? Çünki gölü qidalandıran çayların axın istiqamətinin dəyişdirilməsi, buxarlanmanın yüksək, yağıntının az olduğu belə iqlim şəraiti Urmiyanın qurumasını bir qədər də sürətləndirir və bu, əhalinin həmin əraziləri tərk etməsi ilə nəticələnir”.
Yeri gəlmişkən, İran tərəfi Araz çayının bir hissəsini Urmiyaya yönəltməklə gölün qurumasının qarşısını almaq istəyir. Nəzərə alsaq ki, Araz transsərhəd çayıdır, onda İran tərəfi çayın suyunun yalnız 50 faiz hissəsini gölə yönəldə bilər. Ancaq rəsmi Tehran Araz çayını tam şəkildə Urmiya gölünə yönəltmək niyyətindədir və guya, bununla Urmiyanı qurumaq təhlükəsindən qorumaq istəyir. Amma bu üsul da yolverilməz hesab edilir. Ekspertlər bildirirlər ki, Araz çayı tam şəkildə Urmiyaya yönəldilsə, Şimali Azərbaycanın Aran və Mil-Muğan zonası quraqlığa, səhralaşmaya məruz qalacaq, torpaqlar əkinə yararsız vəziyyətə düşəcək və nəticədə 1,5 milyon insan həmin əraziləri tərk etmək məcburiyyətində qalacaq.
Telman Zeynalov bildirir ki, İran tərəfi daxili potensiala və Azərbaycan mütəxəssislərinə etibar etmirsə, Rusiyanın hidrogeoloq və geoloq alimlərini dəvət etməklə Urmiya gölünün qurumasının qarşısını almaq üçün hansı yeraltı su mənbələrindən istifadə etməyin mümkünlüyünü öyrənə bilər. Onun sözlərinə görə, İran hökuməti Araz çayının Urmiyaya axıdılması təklifini irəli sürməklə əslində özünü əziyyətə salmaq istəmir və Şimali Azərbaycanın hesabına Cənubi Azərbaycanın problemini həll etmək istəyir: “Əslində İran hökuməti Urmiya gölü ətrafında baş verənləri həll etmək istəmir. İstəsəydi Urmiyaya axan çayların və bulaqların suyunun niyə başqa istiqamətlərə yönəldildiyinin səbəblərini araşdırılmalıdır”.
Yenə də erməni fitnəsi?
Telman Zeynalov deyir ki, Şimali Azərbaycanda Urmiya gölünün qurudulmasına qarşı atılan addımlar problemə birbaşa təsir göstərə bilməz. Onun fikrincə, beynəlxalq hüquqlara əsasən, transsərhəd çayları hansı ölkələrin ərazisindən keçirsə, bu ölkələr həmin çaylara bərabər şəkildə sahibdirlər: “Yəni Araz çayı İran və Azərbaycan ərazisindən keçdiyindən suyun 50 faizi İrana, 50 faizi isə Azərbaycana məxsusdur. Onlar özlərinin payına düşən 50 faizi Urmiya gölünə istiqamətləndirə bilər. Ancaq söhbət ondan gedir ki, onlar ermənilərlə sövdələşərək Araz çayı üzərində 3-4 su elektrik stansiyası və su anbarları tikib Araz çayını tamamilə qurutmaq niyyətindədir. Yəni Urmiya gölünün quruması İran hökumətinin çox da maraqlandırmır, onların məqsədi öz ərazilərini elektrik enerjisi ilə təmin Azərbaycana zərbə endirməkdir”.
Ekoloq-alim İran tərəfinin Araz çayı üzərində su anbarları tikməsini həm də Allahın yaratdığı təbiətə, iqlimə müdaxilə kimi dəyərləndirir. O, özünü müsəlman aləminin böyük gücü və islam dəyərlərinin carçısı kimi elan edən İranın ali dövlət hakimiyyətinə təbiətin qayda-qanunlarına əməl etməyə çağırır: “İran hakimiyyətinin bu hərəkətləri Allahın yaratdığı təbiətə müdaxilədir. Urmiya gölünü qurutmaqla həmin ərazilərdə bitki örtüyünün, ağacların inkişafının qarşısını almaq, başqa iqlim yaratmaq nə Allahın qoyduğu qayda-qanuna, nə insanlığa və humanizmə, nə də bəşəri dəyərlərə uyğundur”.
Urmiya gölünü qurumaq təhlükəsindən xilas etməyin mümkünlüyünə gəlincə, ekoloq-alim bildirir ki, indiki halda problemin dəqiq şəkildə öyrənilməsinə böyük ehtiyac var. Onun fikrincə, əgər hövzədə metroloji silahlardan istifadə olunursa, Urmiya gölünü qurumasının qarşısını almaq mümkün olmayacaq: “Gərək əhali, bütün dünya ayağa qalxsın ki, onlar o silahlardan istifadə etməsinlər. İndiyədək Azərbaycanda tutdan zəhərlənmə hadisəsi baş verməyib. Ancaq bu il bir gündə 25 uşaq zəhərləndi. Bu fakt metroloji silahlardan istifadənin havadakı, torpaqdakı zəhərlənmələrin nəticəsidir”.
Təkliflər var, amma...
Yeri gəlmişkən, İran hökuməti ötən ilki iclaslarından birində Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı sabiq prezident Mahmud Əhmədinejadın başçılığı altında dövlət komissiyası yaradıldığını elan etsə də, ötən müddət ərzində gölün qurumasının qarşısının alınması ilə bağlı bir iş görülməyib. Ekspertlər hesab edirlər ki, problemi həll etmək üçün İran hökuməti Azərbaycanla müzakirə aparmalıdır. Yaxud Azərbaycan tərəfi özü bu istiqamətdə təşəbbüs göstərməlidir. Ancaq müşahidələr belə deməyə əsas verir ki, nə o tərəf, nə də bu tərəf problemi lazım olan səviyyədə qabartmır.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib ki, artıq bu məsələ ilə bağlı müəyyən təkliflər hazırlanaraq Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim olunub. Ancaq nazir müavini bu təkliflərin konkret nədən ibarət olduğunu açıqlamayıb.
O ki, qaldı İran tərəfinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayının suyundan istifadə etmək niyyətinə, nazir müavini bildirib ki, rəsmi Tehranın belə istəyi varsa, bunu Azərbaycanla razılaşdırmalıdır. Firdovsi Əliyevin sözlərinə görə, İrandan belə bir müraciət olunacağı halda məsələnin bütün tərəfləri kompleks şəklində təhlil oluna və iki ölkəni qane edən bir nəticəyə gəlinə bilər.
Ekspert Telman Zeynalov isə hesab edir ki, Azərbaycan Urmiya gölünün qurumasının qarşının alınmasına görə təkliflər hazırlayıbsa, bu barədə ictimaiyyətə çatdırılmalıdır: “Çünki sabah Urmiya gölü qurusa, Cənubi Azərbaycan əhalisi üçün ciddi problemlər yaranacaq. Azərbaycan tərəfi Araz çayının tam şəkildə Urmiyaya axıdılmasın razılıq verməsi İslam dünyasına da, qonşuluq siyasətinə də əla dəstək olardı. Amma sonra Azərbaycan əhalisinin özü didərgin düşüb öz ərazisi şoranlığa, bataqlığa çevriləndə kim cavab verəcək? Ona görə də problemi həll etmək üçün ilk növbədə alimlərin, ictimaiyyətin iştirakı ilə proqram hazırlanmalıdır. Özü də belə bir proqram Nazirlər Kabinetinin, yaxud Xarici İşlər Nazirliyinin yox, Azərbaycan xalqının sifarişi ola bilər. Yəni burada dövlətin üzərinə heç bir hüquqi məsuliyyət düşmür, sadəcə Azərbaycan xalqı öz qardaşlarına, soydaşlarına kömək etməlidir”.
BMT-nin xoşməramlı jesti, İranın laqeydliyi
Tanınmış alim, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki, professor Vaqif Arzumanlı isə Urmiya gölünün quruması və bunun nəticəsi kimi ortaya çıxan məsələləri humanitar fəlakət kimi dəyərləndirir. O, hesab edir ki, Urmiya gölünün quruması və İran hökumətinin baş verənlərə laqeyd münasibəti təkcə ekoloji yox, daha çox qlobal problemdir: “Gölün indiki durumu fonunda İran hökumətinin Cənubi Azərbaycana, Azərbaycan türklərinə münasibəti artıq fəsadlar törədir və hələ yeni fəsadlar gözlənilir. Çünki Urmiya gölünün quruması hövzədə yaşayan aborigenlərin yaşam tərzinə də ciddi təsir edir. Birincisi ona görə ki, gölün qurudulması yerli əhalinin məcburi köçürülməsinə şərait yaradır. İkincisi isə İran hökuməti həmin ərazilərdə kürdləri məskunlaşdırır. Halbuki, həmin ərazilər Azərbaycan türklərinin vətəni, dədə-baba torpağıdır və onların orada yaşamaqdan başqa yolu yoxdur”.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bir müddət əvvəl gölün qurumasının qarşısının alınması üçün YUNESKO xətti ilə təxminən 6 milyon dollar vəsait ayırdığını elan etmişdi. Həmçinin ötən il İran parlamenti də problemin həlli məqsədilə 4 milyon dollar məbləğində vəsait ayrılması barədə qərar qəbul edilib. Amma nə BMT-nin, nə də rəsmi Tehranın ayırdığı bu vəsaitlərdən faktiki olaraq istifadə edilməyib. BMT-nin 6 milyon dollar ayırmasını əslində Urmiya gölünə münasibətdə beynəlxalq səviyyəli xoşməramlı jest kimi dəyərləndirən Vaqif Arzumanlı İranın siyasi hakimiyyətindəki son dəyişikliklərin Güney Azərbaycana, o cümlədən Urmiya gölü ətrafında baş verənlərə müsbət təsirinin ola biləcəyini düşünür: “İndiyədək rəsmi Tehran Urmiya gölünün qurumasına laqeyd münasibət göstərib. Lakin mən yeni prezidentin problemin həllinə ciddi şəkildə səy göstərəcəyinə ümid edirəm”.
Professor hesab edir ki, Urmiya gölünün qurumasına İran hakimiyyəti, hökumət və parlament başdansovdu yanaşsa da Güney Azərbaycan əhalisi bu su hövzəsinin məhv olmasına qarşı mübarizəni davam etdirir. Onun fikrincə, Şimali Azərbaycan da bu məsələdə cənublu qardaşlarına lazım olan dəstəyi verməli, Urmiya gölünün qurudulmasının bölgədə ekoloji və humanitar fəlakətə yol aça biləcəyini bütün dünyaya bəyan etməlidir: “Çünki Urmiya gölünün quruması təkcə Güneydə deyil, elə Quzeydə də, İran-Azərbaycan sərhədində də ekoloji tarazlığın pozulmasına gətirib çıxaracaq. Bu gölün quruması Azərbaycan-İran sərhədində fəsadlar törədə bilər. Bu səbəbdən Şimali Azərbaycanın da güneyli qardaşlarının mübarizəsinə qoşulmalı, Urmiya gölünün qurumasına qarşı haqq səsini ucaltmalı, dünyaya bəyan etməlidir”.