Konsentratlaşdırılmış çuğundur şirəsinin istifadəsi postmenopauza dövründə olan qadınların ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər. Bu barədə məlumatları Lent.az sizə təqdim edir:
Araşdırmada iştirak edən qadınlar 7 gün ərzində hər səhər 60 ml çuğundur şirəsi içiblər. Bir neçə gündən sonra onlara tərkibində nitrat çıxarılmış eyni şirə verilib və nəticələr müqayisə olunub. Alimlər damarların genişlənmə dərəcəsinə əsaslanaraq qan dövranının funksiyasını qiymətləndiriblər.
Nəticələr çox aydın olub: Təbii nitratlar ehtiva edən çuğundur şirəsi qan axınını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Lakin bu müsbət təsir uzun çəkməyib — təxminən 24 saat sonra göstəricilər əvvəlki səviyyəyə qayıdıb. Bu isə o deməkdir ki, damar funksiyasının davamlı dəstəyi üçün çuğundur şirəsinin müntəzəm qəbulu vacibdir. Araşdırmanın aparıcı müəllifi, Pensilvaniya Ştat Universitetinin Həyat Elmləri İnstitutundan Hoselin Delgado Spikutssa bildirib ki, çuğundur şirəsindəki nitratlar damarların genişlənməsinə cavabdeh olan azot oksidinin mənbəyidir. Postmenopauza dövründə qadınlarda estrogen səviyyəsi xeyli azalır, bu isə orqanizmdə azot oksidinin təbii şəkildə yaranma prosesini zəiflədir. Buna görə qidalanma ilə əlavə dəstək xüsusilə vacib olur.
Çuğundur şirəsinin digər faydaları:
Fiziki dözümlülüyü artırır
Arterial təzyiqi aşağı salır
"Pis" xolesterinin səviyyəsini azaldır
Qaraciyərdə piylənmənin qarşısını almağa kömək edir
Baxmayaraq ki, çuğundur şirəsi yaşlanma ilə bağlı damar dəyişikliklərini tamamilə dayandıra bilməz, o, 50 yaşdan yuxarı qadınlarda ümumi sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.