Türkiyədə həyata keçirilən korrupsiya əməliyyatı ilə bağlı həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın şefi olduğu iddia edilən Babək Zəncani özünün şəxsi “facebook” hesabından cavab verib.
Lent.az-ın məlumatına görə, B.Zəncani açıqlamasında deyib ki, o, R. Zərrabın şefi deyil.
Iranlı iş adamı bildirib ki, Türkiyə baş naziri Ərdoğanın liderliyinə inandığı üçün bu ölkəyə kapital qoyub və bundan sonra da bunu davam etdirəcək: “İranlı olduğu üçün tanıdığım Rza Zərrabdan başqa heç kimi tanımıram. Rza ilə Antalyada görüşəcəyimiz xəbəri tamamilə yalandır. Rza Zərrabın şefi deyiləm. Təyyarə ilə həyata keçirdiyimiz qızıl ticarəti tam qanuni olub. Dəfələrlə Türkiyə rəsmi qurumları tərəfindən yoxlanılıb və heç bir qanunsuzluq aşkarlanmayıb”.
Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, həbs edilən R.Zərrab B. Zəncaniyə “rəisim” deyə xitab edir.