Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.
Lent.az “Interpress” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.
Qeyd edək ki, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.
18:36
***
Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.
Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.
Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.
***
saat 11.52
Tbilisidə etiraz aksiyası davam edir.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar.
Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib.
Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.