Rusiyalılar üçün növbəti bəd xəbər
15 fevral 2026 09:23 (UTC +04:00)

Rusiyalılar üçün növbəti bəd xəbər

0

Finlandiyanın Müdafiə Nazirliyi ölkə daxilində əvvəllər bağlanmış və Avropa İttifaqı, eləcə də Avropa İqtisadi Zonası (AİZ) ölkələrinin pasportuna malik olmayan şəxslərin, o cümlədən Rusiya vətəndaşlarının iştirak etdiyi daşınmaz əmlak sövdələşmələrinə yenidən baxılması imkanını nəzərdən keçirir.

Lent.az “Yle” teleşirkətinə istinadən xəbər verir ki, bunu Finlandiya müdafiə naziri Antti Hyakkyanen deyib.

Nazir bildirib ki, belə müdaxilə son iyirmi il ərzində rəsmiləşdirilmiş bütün növ daşınmaz əmlak sövdələşmələrini əhatə edə bilər, bu cür tədbirlər milli təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruridir. Antti Hyakkyanen vurğulayıb ki, son 20 il ərzində Finlandiya daşınmaz əmlak obyektlərinə nəzarət məsələsində həddindən artıq etimad nümayiş etdirib. Nazir qeyd edib ki, problem ondadır ki, daşınmaz əmlak obyektlərinin sayı o dərəcədə artıb ki, təhlükəsizlik vəziyyətinin kəskinləşəcəyi təqdirdə qısa müddətdə bu qədər çox mənzil və evə nəzarət etmək olduqca çətin olacaq.

Rusiyalılar üçün daşınmaz əmlakın alınmasına qadağalar

2025-ci ilin aprel ayında Finlandiyada “aqressiv müharibə aparan və Finlandiyanın təhlükəsizliyi üçün təhdid yarada bilən” dövlətlərin vətəndaşlarına daşınmaz əmlak almağı qadağan edən qanun qəbul edilib. Antti Hyakkyanen nəzərə çatdırıb ki, bu sənəddə birbaşa qeyd olunmasa da, mövcud beynəlxalq şəraitdə məhdudiyyət faktiki olaraq Rusiya vətəndaşlarına və Rusiya şirkətlərinə şamil edilir. Bununla belə, Finlandiyada daimi yaşamaq icazəsi olan və ya ikili vətəndaşlığa malik şəxslərə qadağa tətbiq edilmir. Analoji istisnalar Belarus vətəndaşlarına da aiddir.

“Yle”-nin kadastr xidmətinə istinadən yaydığı məlumata görə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində rusiyalılar tərəfindən 55 daşınmaz əmlak obyekti alınıb. Onlardan 35-i qanunun iyul ayında qüvvəyə minməsindən əvvəl, 20-si isə sonra əldə edilib.

Daimi yaşayış icazəsi olmayan rusiyalılar üçün oxşar məhdudiyyətlər Litvada da qüvvədədir. Latviya isə qadağanı hətta ölkədə daimi yaşayan Rusiya vətəndaşlarına da şamil edib, lakin yeganə yaşayış sahəsinin alınması halları istisna təşkil edir. Latviya hakimiyyəti bəyan edib ki, yeni qanun əvvəllər həyata keçirilmiş sövdələşmələrə tətbiq edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar