ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampı və ABŞ rəsmilərini öldürməklə hədələyən Pensilvaniya sakini Şon Montpeir Batleri həbs edib.
APA xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
FTB agentləri müəyyən ediblər ki, 32 yaşlı Montpeir yanvarın 15-dən aprelin 5-dək “YouTube”da həm Trampa, həm Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska, həmçinin ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına və Trampın təyin etdiyi bütün agentlik rəhbərlərinə qarşı hədə-qorxu tərkibli mətnlər paylaşıb.
Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra Montpeir odlu silah alıb.
Mart ayında isə o, “YouTube”da kütləvi atəş həyata keçirmək niyyətində olduğunu bildirən şərh yazıb.
Montpeir aprelin 9-da həbs edilib. O, dörd maddə ilə ittiham olunur.