Yunanıstanın Siros adası turistlər arasında hələ geniş tanınmasa da, son dövrlərdə pulsuz qalmaq imkanı ilə getdikcə daha çox diqqət çəkir. Lakin bu təklifin müəyyən şərtləri var.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, pulsuz yaşayış imkanı Koshki Sirosa adlı könüllü təşkilata qoşulan şəxslərə verilir. Bu təşkilat illərdir sahibsiz heyvanların xilas edilməsi ilə məşğuldur.
Könüllülər minimum bir ay müddətində komandaya qoşulmalı və gündə təxminən 5 saat, həftədə 5 gün çalışmalıdırlar. Bunun müqabilində onlara pulsuz yaşayış və səhər yeməyi təqdim olunur.
İşin çətin tərəfləri
Gündəlik vəzifələr kifayət qədər genişdir. Səhər yemləmə ilə başlayan gün daha sonra pişiklərin saxlandığı ərazinin təmizlənməsi və yeni heyvanlar üçün yerlərin hazırlanması ilə davam edir.
Bundan əlavə, könüllülər balaca pişiklərə qulluq edir, onları insanlara öyrəşdirir və sahibləndirilməyə hazır vəziyyətə gətirirlər. Bəzən xəstə heyvanlara baxmaq və ya onların son anlarında yanında olmaq kimi emosional cəhətdən çətin məqamlar da yaşanır.
Yaşayış və şərtlər
Könüllülər adada müxtəlif ölkələrdən olan 2-3 nəfərlə birlikdə yaşayırlar. Hər kəsin ayrıca otağı olsa da, mətbəx və qonaq otağı ortaq istifadə olunur. Təşkilat məsuliyyətli və müstəqil işləyə bilən şəxslər axtarır. Qəbul prosesi əvvəlcədən aparılır və yerlər məhduddur, buna görə spontan səyahət planı uyğun olmaya bilər.
Bundan əlavə, adaya yol xərcləri və səhər yeməyindən kənar qidalanma könüllülərin öz hesabına qarşılanır.
Adanı kəşf etmək də mümkündür
Bütün bu öhdəliklərə baxmayaraq, könüllülərin adanı gəzmək imkanı da qalır. Qrafik sıx olsa da, qısa müddətdə dənizə getmək və ya başqa şəhərlərə səfər etmək mümkündür.
Adanın əsas incisi paytaxt Ermupoli şəhəridir. Burada klassik ağ evlər əvəzinə pastel rəngli binalar və neoklassik memarlıq üstünlük təşkil edir. Dar küçələr isə sakit kafelərə aparır, burada insanlar rahat şəkildə qəhvə içərək ünsiyyət qururlar.
Mütəxəssislər qeyd edir ki, Siros gündəlik həyatın sadə və sakit ritmini yaşamaq istəyənlər üçün fərqli və maraqlı təcrübə təqdim edir.