Bu adada yalnız kişilər yaşayır  - Qadınların girişi niyə QADAĞANDIR?
21 fevral 2026 20:15 (UTC +04:00)

Bu adada yalnız kişilər yaşayır - Qadınların girişi niyə QADAĞANDIR?

0

Avropanın mərkəzində, müasir dövrdə hələ də tətbiq olunan qeyri-adi bir qayda var: qadınların girişinə qadağa. Pravoslav dünyasının müqəddəs mərkəzi olan Aynoroz həm tarixi, həm də mübahisəli tətbiqləri ilə gündəmdədir.

Lent.az bu qadağanın arxasında duran dini və tarixi səbəbləri təqdim edir.

Yunanıstanın şimal-şərqində, Halkidiki yarımadasının şərqində yerləşən Aynoroz (Afos dağı) pravoslav dünyasının ən mühüm ruhani mərkəzlərindən biri hesab olunur. Rəsmi adı ilə “Müqəddəs Dağ” adlandırılan bu xüsusi ərazi X əsrdən etibarən monastır həyatının fasiləsiz davam etdiyi bir məkandır. Bu gün burada 20 böyük monastır və çoxsaylı rahib yaşayış məntəqələri mövcuddur.

Bölgə Yunanıstana bağlı olsa da, inzibati baxımdan muxtar statusa malikdir və dini qaydalar gündəlik həyatın mərkəzində dayanır.

Aynorozu dünyada bənzərsiz edən ən mühüm tətbiqlərdən biri “Avaton” adlanan qadağadır. Bu qaydaya görə qadınların yarımadaya daxil olması qəti şəkildə qadağandır. Yalnız qadınlar deyil, dişi heyvanların da bölgəyə gətirilməsinə icazə verilmir.

Bu ənənənin kökləri Bizans dövrünə qədər uzanır. Pravoslav inancına görə, Aynoroz Məryəm Anaya həsr olunmuş müqəddəs torpaq hesab edilir və burada yalnız kişi rahiblərin yaşamalı olduğuna inanılır.
Rahiblər üçün Aynoroz dünyəvi həyatdan tamamilə uzaq tənhalıq və ibadət məkanıdır. Qadınlara qoyulan qadağanın əsas səbəbi də məhz bu ruhani həyatın qorunmasıdır.

Monastır həyatında subaylıq (iffət) və dünyəvi istəklərdən uzaqlaşma əsas prinsip hesab olunur. Bu səbəbdən qadınların varlığının rahiblərin mənəvi nizam-intizamına xələl gətirə biləcəyi düşünülür. Əsrlərdir davam edən bu qadağa dini ənənənin ayrılmaz bir hissəsi kimi qəbul olunur.

Lakin bu qadağa zaman-zaman insan hüquqları və bərabərliklə bağlı müzakirələri də gündəmə gətirir. Avropa İttifaqına üzv bir ölkənin ərazisində qadınlara giriş qadağasının tətbiq olunması tənqid mövzusuna çevrilir.

Buna baxmayaraq, Aynorozun xüsusi statusu və dini muxtariyyəti səbəbindən bu qayda hələ də qüvvədə qalır. Bölgəyə yalnız xüsusi icazə ilə məhdud sayda kişi ziyarətçi buraxılır.

Aynoroz bu dərəcədə sərt və köklü cinsiyyət qadağası tətbiq edən nadir məkanlardan biridir. Əsrlərdir dəyişmədən davam edən bu ənənə həm maraq doğurur, həm də müzakirələrə səbəb olur.

Bir tərəfdə minillik ruhani irs, digər tərəfdə isə müasir dünyanın bərabərlik anlayışı… Aynoroz yarımadası bu iki yanaşmanın kəsişmə nöqtəsində mövcudluğunu davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar