Buenos-Ayresdə Argentina millisinin DÇ-2022-dəki qələbəsi şərəfinə keçirilən çempionat paradı zamanı bir azarkeş körpüdən yıxılıb.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, hazırda fanatın vəziyyəti stabil olaraq qiymətləndirilir.
İlkin hesablamalara görə, Buenos Ayresdə 3-4 milyon insan küçələrə çıxıb. Onlar əksər yolları bağlayıb və nəqliyyatın hərəkətini iflic ediblər. Avtobusda olan Argentina milli komandası bu səbəbdən marşrutu dəyişərək helikopterlə getməli olub.
Qeyd edək ki, dekabrın 18-də Argentina millisi DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edərək 3-cü dəfə dünya kubokunu qazanıb. Bu hadisənin şərəfinə prezident Alberto Fernandes dekabrın 20-nin istirahət günü elan edilməsi haqqında fərman imzalayıb.