Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasları təxirə salınıb.
APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, koronavirusa görə mart ayının sonuna qədər AŞPA-nın və köməkçi qurumların bütün iclaslarının təxirə salınması ilə əlaqədar qərar qəbul edilib.
Buraya Assambleyanın Hüquq Məsələləri Komitəsinin (Paris, 10 mart), Sosial Məsələlər Komitəsinin (Paris, 12 Mart), Mədəniyyət Komitəsinin (Paris, 16 Mart), Miqrasiya Komitəsinin (Paris, 19 Mart), Bərabərlik Komitəsinin (Paris, 20 Mart) və Monitorinq
Komitəsinin (Ankara, 30-31 mart) iclasları aiddir.
Qərar Avropa Şurasının ev sahibi olan ölkə Fransa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq qəbul edilib. Qərar parlament üzvlərinin və katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq, həmçinin virusun daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda AŞPA heyətinin bütün vacib olmayan səfərləri də təxirə salınıb.
Assambleyanın aprelin 20-24-nə nəzərdə tutulan növbəti plenar iclasının keçirilməsi ilə bağlı müvafiq qaydada qərar qəbul ediləcək.